Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkidə 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə müstəqil namizəd Əkbər Yolçuyev (Qoşalı) dünən Lökbatandakı Ə.Əmirov adına Mədəniyyət Sarayının böyük salonunda yaddaqalan görüş keçirib.

 

Çıxışlardan öncə şəhidlərin, o cümlədən 28 il öncə Daşaltı əməliyyatı zamanı həlak olmuş Vətən oğullarının ruhu bir dəqiləlik sükutla yad edilib, ardınca dövlət himni səsləndirilib.

Sonra özü və platformasının əsas məqamları barədə danışan Ə.Yolçuyev, keçdiyi həyat yolu, ali təhsili, beynəlxalq gənclik və ədəbiyyat platformalarında iştirakı, ictimai-siyasi çalışmaları, nəşr olunan kitabları, təltifləri haqqında bilgiləri görüş iştirakçıları ilə paylaşıb. Namizəd seçki dairəsinin özəllikləri, seçicilərin vurğuladığı problemlər və onların həllinə dair variantları şərh edib.

 

Ə.Yolçuyev Milli Qəhrəman Vahid Quliyev, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Almaz Ülvi (Binnətova), Respublikanın fəxri auditoru Çingiz Abbasov, qocaman müəllim İbad Həmidoğlu, Rəsul Rza Mükafatı laureatı, “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələfli, texnika elmləri üzrə fəlsəfə doktoru, AzTU-nun dosenti Uğurlu Nadirov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini, Milli QHT Forumunun koordinatoru Mübariz Hacıoğlu, SKAL Beynəlxalq Turizm Təşkilatının prezidenti, beynəlxalq turizm üzrə menecer Ceyhun Aşırov, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi, “Xəyal Prodakşın”ın qurucusu Xəyal Rza və Dünya Gənc Türk Yazarlar Birliyi başqanı, Gənclər Təşkilatları Milli Şurasının Məclis üzvü, Gənclər Mükafatı laureatı İntiqam Yaşarı görüş iştirakçılarına təqdim edərək, seçkiyə güclü komanda ilə qoşulduğunu, bu komandanın dəstəyi ilə uğurun gerçək olduğunu vurğulayıb. O, həmçinin seçki prosesinə, biləvasitə görüşün təşkilinə kömək etmiş könüllülərin əməyini şükranlıqla qeyd edib.

 

Tədbirin aparıcısı, namizədin vəkili Əli Rza Xələfli ürək sözlərini bölüşərək, özünün də Lökbatanda yaşadığını xatırladaraq, seçicilərin nəbzini, hardan başlayıb hara getmək lazım olmasına dair fikirlərini bölüşüb, seçiciləri müdafiə etdiyi namizəd Əkbər Yolçuyevə səs verməyə çağırıb.

Yeni Yasamalda yaşayan Milli Qəhrəman Vahid Quliyev parlamentin yeni tərkibində Vətən amallı, vətənpərvərliyi özünün həyat qayəsi seçmiş insanları görmək istədiyini deyərək, müdafiə etdiyi namizədin millət vəkili üçün gərəkli keyfiyyətlərə malik olduğunu bildirib.                                     

Çıxış edən digər vəkillər – professor-doktor Almaz Ülvi, respublikanın fəxri auditoru Çingiz Abbasov, qocaman müəllim İbad Həmidoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Mübariz Hacıoğlu, SKAL Beynəlxalq Turizm Təşkilatının prezidenti Ceyhun Aşırov, dosent-doktor Uğurlu Nadirov da, vəkili olduqları Əkbər Yolçuyevin mandat qazanacağı təqdirdə, onunla bir komanda şəklində seçiciyə verilən vədlərin yerinə yetirilməsi üçün çalışacaqlarını bildirdi.

Tanınmış şair Musa Ələkbərli, yeni nəsil yazarları Namiq Hacıheydərli, Vahid Aslan, rəssam Səyyad Bayramov, iqtisad elmləri namizədi Tapdıq Quluzadə, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin başqanı dr.İlqar Orucov, Valideyn-Müəllim Assosiasiyasının rəhbəri Şahin Rəcəb, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, iş adamı Yaşar Sultanov, respublika həmkarlar təşkilatlarının veteranı Fəxrəddin Əliyev namizəd və onun seçki platforması haqqında fikirlərini bölüşüb, dəstəklərini ifadə ediblər. Çıxış edən tanınmış ziyalılar seçicilərin doğru seçim edərək, zəngin özkeçmişi və çalışma əzmi olan namizədə səs verəcəklərinə inam bildiriblər.

 

Binəqədi məktəblisi Alur Cəbrayılzadənin oxuduğu duyğulu Vətən şeiri görüşə rəng qatıb, alqışlarla qarşılanıb.

Sonda yenidən söz alan namizəd Əkbər Yolçuyev, seçiciləri maraqlandıran bəzi suallara cavab verib, iştirakçılara öz istirahət günlərinin bir neçə saatını onunla görüşə gəlməyə həsr etdikləri üçün könül dolusu təşəkkür edib. Məhz onların gəlişi ilə Ə.Əmirov adına Mədəniyyət Sarayının bu seçki prosesində ən böyük izdiham yaşamasından qürur və məmnunluq duydğunu bildirib.

Namizəd deyib ki, bugünədək seçki dairəsinin ərazisində çoxsaylı təbliğat materialları paylanıb; seçicilərə virtual müraciətlər edilib və təbliğat-təşviqat müddətininin sonunadək dairənin ərazisi önəmli dərəcədə (biləvasitə) əhatə ediləcək.

12 saylı dairənin ən zəngin özkeçmişə və peşəkar fəaliyyət imkanlarına malik müstəqil namizədi Əkbər Yolçuyev (Qoşalı), görüşdə iştirak edən hər kəsin – Qaradağ, Binəqədi və Yasamaldan olan seçicilərin, özəliklə, I Qarabağ müharibəsi veteranlarının, şəhid ailəsi üzvlərinin, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin, ayrı-ayrı əməli fəaliyyət sahələrini təmsil edən tanınmış ziyalıların, dostların, könüllülərin... ona verdiyi dəstəyi qələbənin rəhni olaraq qiymətləndirib.

Onu da əlavə edək ki, namizədin özkeçmişinin və seçicilərə ürək sözünün yer aldığı çoxsaylı təbliğat materialları görüş iştirakçılarına paylanıb.